Azadsöz.az xəbər verir ki, Məzahir Pənahovun sədrliyi ilə iyulun 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.
İclasın gündəliyinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iyulun 12-də keçirilmiş iclasının protokolunun təsdiqlənməsi, sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydasına dair, Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı Müasir Müsavat Partiyasının, Milli Məclisə növbədənkənar seçkilərdə Azərbaycan Demokratik Maarifçilik Partiyasının müraciətlərinə baxılması, növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin, həmçinin Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı məsələlər daxil edilib.
İclasda növbədənkənar parlament seçkilərində Müasir Müsavat, Azərbaycan Demokratik Maarifçilik və Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası da təsdiqlənib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.