Azadsöz.az xəbər veririr ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Göyçay Rayon İcra Hakimiyyəti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Futbolu inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Göyçay rayonunda keçirilib.
Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2019-cu il tarixində Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində növbəti atılmış addımların davamıdır.
05 iyun tarixində keçirilən növbəti tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) prezidenti Asif Əliyev, UGFF-nin baş katibi Asim Xudiyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov iştirak edib.
Tədbirdə iştirak edən natiqlər çıxış edərək bildirmişdirlər ki, layihənin əsas məqsədi uşaq futbolunun regionlarda inkişaf etdirmək və gələcəkdə futbol akademiyalarında futbolçu kimi formalaşmalarına dəstək olmaqdır. Regionlarda idmanın və futbolun inkişaf etdirilməsi məqsədilə gələcəkdə belə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsinin nəzərdə tutulduğu vurğulandı.
Tədbir zamanı “Futbolu inkişaf etdirək” layihəsi üzrə tədbirdə iştirak edən məktəblilər arasında futbol turniri keçirilib və gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Tədbirin sonunda yeniyetmələrə futbola marağın artırılması məqsədilə idman geyimləri və toplar verilib.