Azadsöz.az xəbər verir ki, I Qarabağ Müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən edilmiş Göyçay rayonunun Müskürlü kənd sakini Rəhimov İlqar Şaiq oğlunun nəşinin qalıqları dəfn olunmaq üçün doğulduğu Müskürlü kəndinə gətirilib.
Şəhidlə vida mərasimində rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, Azadsöz.az xəbər saytının və AzadSözAz televiziyasının əməkdaşları, Vətən müharibəsinin iştirakçıları, şəhid ailələri, dindarlar, ağsaqqallar, şəhidin ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbirstanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Daha sonra şəhid cənazəsinə bükülmüş Azərbaycan bayrağı rayon icra hakimiyyətinin başçısı tərəfindən şəhidin qardaşına təhvil verilib.
Qeyd edək ki, şəhid Rəhimov İlqar Şaiq oğlu 13 may 1973-cü ildə Göyçay rayonu Müskürlü kəndində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan ordusunda hərbi xidmətə yollanaraq Qazax rayonunda yerləşən hərbi hissədə xidmətə başlamışdır. 1994-cü ildə Murovdağ uğrunda gedən döyüşlərdə topçu kimi iştirak etmişdir. Həmin ilin fevral ayının 16-da Kəlbəcər uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Göyçay rayon Məhkəməsi tərəfindən 2007-ci ildə şəhidlik status verilmişdir.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov