Azadsöz.az xəbər verir ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycana COP29-un keçirilməsində tam dəstək təklif edir.
Bu barədə OPEC-in baş katibi Haysam Əl-Qays OPEC-in Vyanada yerləşən baş ofisində COP29 ərəfəsində keçirilən yüksək səviyyəli dialoqda deyib.
Onun sözlərinə görə, OPEC-Azərbaycan münasibətləri “qızıl era”sını yaşayır.
O qeyd edib ki, bu əlaqələrin möhkəmliyi Əməkdaşlıq Bəyannaməsi və Əməkdaşlıq Xartiyası çərçivəsində davam edən əməkdaşlıq sayəsində nəzərə çarpır.
Baş katib həmçinin, Azərbaycanın COP-a inklüziv yanaşmasını və bütün, o cümlədən neft sahəsi ilə bağlı rəyləri nəzərə almasını yüksək qiymətləndiribvə bu konstruktiv yanaşmanın OPEC və ona üzv ölkələrin nöqteyi-nəzəri ilə uyğun gəldiyini qeyd edib.
Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayev və OPEC-in baş katibi Haysam Əl-Qaysın həmsədrliyi ilə yüksək səviyyəli dialoq keçirilib. Dialoqda OPEC ölkələrindən və Əməkdaşlıq Xartiyasında iştirak edən qeyri-OPEC ölkələrindən yüksək vəzifəli rəsmilər iştirak edib.