Azadsöz.az xəbər verir ki, “Yaşıl ASAN” proqramı tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Salyan rayonunda gerçəkləşən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev, müxtəlif rayonların icra hakimiyyətlərinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Aksiyada 150 tondan çox kağız tullantıdan hazırlanmış “Yaşıl dağ”ın təqdimatı baş tutub. ASAN Könüllülərinin və məktəblilərin tullantılardan hazırladığı əl işləri, mədəniyyət guşəsi nümayiş etdirilib, eləcə də müxtəlif musiqi nömrələri də səsləndirilib.
Aksiyada fəal iştirak etdiyi üçün Göyçay rayon icra hakimiyyətinə təşəkkürnamə təqdim olunub.
6-cı “Yaşıl dağ” ekoloji-sosial aksiyasına Azərbaycanın 30-dan çox şəhər və rayonundan vətəndaşlar, məktəblər, idarə və təşkilatlar qoşulublar.
9 ildir fəaliyyətini davam etdirən proqram çərçivəsində 2000 tondan çox kağız tullantısı təkrar emala göndərilib, bununla 34.000-dən çox ağacın kəsilməsinin qarşısı alınıb, 400-dən çox ekoloji istiqamətdə layihə, 100-dən çox təmizlik və ağacəkmə aksiyası baş tutub.