Azadsöz.az xəbər verir ki, COP29-da 4 prioritet məsələ müzakirə olunacaq.
Bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ADA Universitetində keçirilən “İqlim dəyişmələri ilə mübarizənin imkanları və çağırışları. Avropa və regional perspektivlər” mövzusunda semninarda deyib.
“COP29-da tərəflərin müəyyənləşdirməli və qərar verməli olduğu dörd mühüm prioritet mövzu var”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu birincisi, bunlar milli səviyyədə müəyyən edilən töhfələr (NDC), ikincisi, kömür idxalı üzrə saziş, üçüncüsü, Paris Sazişinin 6-cı maddəsi üzrə razılaşmanın yekunlaşdırılması üzrə səylərdir.
“Dördüncü sahə ümumi hesabatlılığın, məsuliyyətin və şəffaflığın vacibliyini vurğulamaqdan ibarət olacaq. Ölkələrin ilk dəfə olaraq iki ildən bir dərc olunan şəffaflıq hesabatı qəbul edəcəyi gözlənilir”, – deyə rezident əlaqələndirici əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.