18 May 2024 18:53

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçirilib – FOTOLAR

Azadsöz.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı təqdim olunub.

Konsert həm iştirakçıları, həm də repertuarı ilə rəmzi məna daşıyıb. Belə ki, bu il yaranmasının 20 ili tamam olan Heydər Əliyev Fondu fəaliyyəti dövründə hər zaman gənc istedadlara, mədəniyyət və incəsənət sahəsinə dəstək göstərib, mədəniyyətimizin geniş təbliğinə yönələn layihələr həyata keçirib.

Qeyd edilib ki, Heydər Əliyev Fondu istər gənclərimizin təhsil almasına, istərsə də beynəlxalq müsabiqə və festivallarda iştirakına dəstək olub. Fondun ayrı-ayrı sahələrdəki layihələri, o cümlədən muğam müsabiqələri, klassik və caz musiqisi ilə bağlı təqdimatları, müxtəlif musiqi festivalları istedadların üzə çıxarılmasına təkan verib.

Heydər Əliyev Mərkəzində təqdim olunan konsert proqramında da məhz bu incəsənət və mədəniyyət xadimləri – Heydər Əliyev Fondunun yaradıcılıqlarında iz qoyduğu, dönüş və sıçrayış yaratdığı, dəstək göstərdiyi ifaçılar çıxış ediblər.

Konsert proqramı Heydər Əliyev Fondunun fəaliyyəti, mədəniyyət sahəsində gördüyü işlərə dair videoçarxın nümayişi ilə başlayıb.

Daha sonra isə səhnə Fondun yaradıcılıqlarında iz qoyduğu mədəniyyət xadimləri – Aytən Məhərrəmova (xanəndə), Azər Zadə (tenor), Azər Zeynalov (tenor), Ceyla Seyidova (violin), Elçin Əzizov (bariton), Emil Əfrasiyab (piano), Emin Cəbrayılov (nağara). Elvin Hoca Qəniyev (violin), Ənvər Sadıqov (qarmon), Fərhad Bədəlbəyli (piano), Fuad İbrahimov (dirijor), Güllü Muradova (xanəndə), İlham Nəzərov (bariton), İsfar Sarabski (piano), Mirələm Mirələmov (xanəndə), Murad Adıgözəlzadə (piano), Mustafa Mehmandarov (dirijor), Sahib Paşazadə (tar), Samir Cəfərov (tenor), Şəhriyyar İmanov (tar), Səməd Eyvazlı (balet rəqqası), Təyyar Bayramov (xanəndə), Yalçın Adıgözəlov (dirijor) və digərlərinin ixtiyarına verilib.

Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri, xalq mahnılarımız səslənib. Hər bir ifa monitorda xüsusi görüntülərlə – Heydər Əliyev Fondunun 20 illik fəaliyyətini, müxtəlif sahələrdəki layihələri, o cümlədən ölkəmizin tanıdılmasına dair təşkil olunan tədbirləri, muğam müsabiqələri, festivalları əhatə edən videoçarxlarla müşayiət olunub.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 20 illik fəaliyyətində ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanan, elm və təhsil, səhiyyə, sosial və digər sahələrdəki önəmli layihələri ilə mühüm nailiyyətlərə imza atan, ən əsası isə insanların sevgi və inamını qazanan Heydər Əliyev Fondunun gördüyü işlərdə milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılması, onların təbliğ olunması xüsusi önəm kəsb edir. Heydər Əliyev Fondunun mədəniyyət sahəsinin inkişafına töhfələri danılmazdır və Fondun 20 illiyi münasibətilə keçirilən konsert həmin uğurların kiçik bir hissəsinin nümayişi sayıla bilər.