Azadsöz.az xəbər verir ki, xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan və hər birimiz üçün əziz olan Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər, o cümlədən, çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarının pozulması sonda ağır fəsadlara, acı nəticələrə səbəb olur.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ötən həftə Abşeron rayonunda çərşənbə mərasimi zamanı yaşayış binasının həyətində qalanan tonqaldan çıxan qığılcımın avtomobilin üzərinə düşməsi nəticəsində yanğın hadisəsi baş verib.
Yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək digər avtomobillərə keçməsinə imkan verilməyib.
Odur ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:
– bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;
– tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
– tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
– tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
– süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Nəzərə alınmalıdır ki, küləkli havada tonqal yandırılması xüsusilə təhlükəlidir.