Azadsöz.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində Göyçay, Ağdaş, Ucar, Kürdəmir, Yevlax, Mingəçevir və Zərdabdan olan şəhid ailələri iştirak ediblər.
Birinci cilddə 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz döyüşləri zamanı həlak olanların da adları əbədiləşdirilib. I və II cildlərdə, ümumilikdə, 2000-ə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb.
Tədbiri açan Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildi barədə qonaqlara məlumat verib, Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan övladlarımızın xatirəsinin bu nəşrlərdə əbədiləşdirilməsindən söz açıb.
Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bildirib ki, Ermənistanın torpaqlarımızın işğalı zamanı əsir və girov götürdüyü, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb. Bu işləri Respublika Xatirə Kitabı Redaksiyası və Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu birlikdə görüblər. “Redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci və 2-ci cildləri işıq üzü görüb, 3-cü cild üzərində iş aparılır”, – deyə o əlavə edib.
Daha sonra çıxış edən şəhid ailələri dövlətimizin onlara, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərməsindən söz açıblar.
Təqdimat mərasimində şəhidlərə həsr edilən şeirlər səsləndirilib, “Vətən daşı, 44 günün dastanı” adlı layihə əsasında çəkilən sənədli film təqdim olunub.