Azadsöz.az xəbər verir ki, ötən gün kütləvi informasiya vasitələrində Göyçay rayonunun Mırtı kənd tam orta məktəb binasının əsaslı təmirinə ehtiyac olması ilə bağlı yayılan xəbərlərə Mərkəzi Aran Regional Təhsil İdarəsi aydınlıq gətirib.
Açıqlamada bildirilir ki, “Mərkəzi Aran Regional Təhsil İdarəsi sözügedən məktəbin binasının əsaslı təmirinin zəruriliyi ilə bağlı məlumatlıdır.Həmçinin adıçəkilən məktəbin sinif otaqlarında siçanların olması ilə bağlı yazılan fikirlər həqiqəti əks etdirmir.
Qeyd edirik ki, 2023-cü ildə Göyçay rayon Mırtı kənd tam orta məktəbinin dam örtüyü dəyişdirilmiş və məktəbin növbəti illərdə əsaslı təmir olunması da nəzərdə tutulur.Əlavə olaraq bildiririk ki, son 5 il ərzində Göyçay rayonunda 2 ümumi, 7 məktəbəqədər təhsil müəssisəsi üçün olmaqla 9 yeni bina tikilmiş, 7 ümumi təhsil müəssisəsinin binası isə əsaslı təmir olunmuşdur.
Həmçinin 2023-cü il ərzində rayonun 10 təhsil müəssisəsinin dam örtüyü dəyişdirilib, 14 təhsil müəssisəsində müxtəlif miqyaslı cari təmir işləri aparılıb, eyni zamanda 15-dən çox müəssisəyə isə yeni istilik sistemi çəkilib və payız-qış mövsümünə hazırlıq məqsədilə istilik sistemlərində cari təmir işləri aparılıb”.