Azadsöz.az xəbər verir ki, Amerika Kinomatoqrafiya Sənəti və Elmləri Akademiyası 2024-cü il “Oskar” mükafatına namizədlərin siyahısını açıqlayıb.
Kino sənayesindəki ən yüksək nailiyyətlərə görə 96-cı mükafatlandırma mərasimi martın 10-da Los-Ancelesdə keçiriləcək.
2024-cü il “Oskar” mükafatına namizədlər sırasında “Ən yaxşı film” nominasiyasında “Amerika ədəbiyyatı”, “Yıxılmanın anatomiyası”, “Barbie”, “Tərk edilmişlər”, “Çiçəkli Ayın qatilləri”, “Maestro”, “Oppenheymer”, “Keçmiş həyatlar”, “Yazıqlar-bədbəxtlər”, “Maraqlar zonası” kimi filmlər yer alıb.
“Ən yaxşı rejissor” adı uğrunda Jyustin Trie (“Yıxılmanın anatomiyası”), Martin Skorseze (“Çiçəkli Ayın qatilləri”), Kristofer Nolan (“Oppenheymer”), Yorqos Lantimos (“Yazıqlar-bədbəxtlər”), Conatan Qleyzer (“Maraqlar zonası”) yarışacaq.
“Ən yaxşı kişi rolu”na görə mükafat üçün Bredli Kuper (“Maestro”), Kolman Domingo (“Rastin”), Ceffri Rayt (“Amerika ədəbiyyatı”), Pol Camatti (“Tərk edilmişlər”), Killian Mörfi (“Oppenheymer”) mübarizə aparacaq.
“Ən yaxşı qadın rolu”na görə mükafat Annet Beninq (“Dayana Nayed”), Lili Qladstoun (“Çiçəkli Ayın qatilləri”), Sandra Hyüller (“Yıxılmanın anatomiyası”), Keri Malliqan (“Maestro”), Emma Stoun (“Yazıqlar-bədbəxtlər”) arasından seçiləcək.
Eyni zamanda mərasimdə “Ən yaxşı rejissor”, “Ən yaxşı ikinci dərəcəli kişi rolu”, “Ən yaxşı ikinci dərəcəli qadın rolu”, “Ən original ssenari”, “Ən yaxşı bədii qısametrajlı film”, “Ən original mahnı”, “Ən yaxşı saundtrek”, “Xarici dildə ən yaxşı film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı cizgi filmi” və “Ən yaxşı qısametrajlı cizgi filmi” nominasiyaları üzrə də qaliblər müəyyənləşdiriləcək.