Azadsöz.az xəbər verir ki, bu gün seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmələrin aparılması müddəti başa çatır.
Bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.
Dəqiqləşdirmələr məntəqə seçki komissiyaları tərəfindən səsvermə gününə azı 35 gün qalanadək, 2024-cü il yanvarın 3-dək başa çatır.
Bununla yanaşı, yanvarın 3-də seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi müddəti başa çatır.
Tələblərin Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilməsi müddəti səsvermə gününə azı 35 gün qalanadək, 2024-cü il yanvarın 3-dək başa çatır.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.
MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da isə Namizəd Heydər oğlu Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.