Azadsöz.az xəbər verir ki, İran İslam Respublikası və Azərbaycan Respublikasının baş prokurorları onlayn formatda görüşüb.
Bu barədə İran mətbuatı məlumat yayıb.
Görüşdə son razılaşmalar və bəzi ikitərəfli məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumu və onu törədən şəxslərlə bağlı İran İslam Respublikasının məhkəmə sisteminin təqib prosesini nəzərdən keçiriblər: “Bu çərçivədə rəsmi maneələr aradan qaldırıldıqdan və iş başa çatdıqdan sonra tarixin təyin ediləcəyi və yaxın vaxtlarda məhkəmənin keçiriləcəyi açıqlanıb”.
İranın baş prokuroru Kamran Əliyevi İrana səfərə dəvət edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran və Azərbaycanın Baş prokurorlarının görüşünün nəticəsi barədə deyib: “Bu görüş iki ölkənin münasibətləri prosesində və Azərbaycanın İrandakı səfirliyi məsələsində qalan məsələlərin həlli istiqamətində iki ölkənin səylərinin bir hissəsidir. Proses indiyədək müsbət olub və bu işin bir çox aspektləri həll edilib. Azərbaycan səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb və səylər uğurla davam etdirilib”.