Azadsöz.az xəbər verir ki, sabahdan hava şəraitinin dəyişilməsi ilə bağlı məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 17-si gündüzdən 18-i səhərədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Yarımadanın bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. Dekabrın 17-si gecəyə doğru, 17-dən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enərək, gecə 1-3 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə, sabah gündüz şimal və qərb rayonlarından başlayaraq 18-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.
Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək, aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlıq rayonlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.