Azadsöz.az xəbər verir ki, bu gün torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Həmidov Rəhim Ehtiram oğlunun üçüncü ildönümü Göyçay rayonu Mırtı kənd qəbristanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, Azadsöz.az xəbər saytının və AzadSözAz televiziyasının xüsusi müxbiri Gülşən Muradova, dindarlar, ağsaqqallar, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin məzarı üzərinə tər qərənfillər düzülüb, xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Bildiriblər ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu.Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya nümayiş etdirdi.
Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Həmidov Rəhim Ehtiram oğlu 12 fevral 1997-ci il Göyçay rayonu Qaraxıdır kəndində anadan olub. 2004-cü ildə Qaraxıdır kənd orta məktəbinin 1-ci sinfinə gedib, sonra isə təhsilini Göyçay rayonu Mırtı kənd tam orta məktəbində 2014-cü ildə başa vurub. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə qəbul olub.
O, 2015-ci ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb, 2016-cı ilin oktyabrında xidmətini başa vurub. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin 1-ci kurs tələbəsi olan Rəhim Həmidov 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinə könüllü olaraq 29 sentyabr 2020-ci il tarixində qatılıb. Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli rayonunun və bir neçə kəndinin işğaldan azad olunmasında iştirak edib.
Şəhidimiz son dəfə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib və Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub. Onun nəşi 30 noyabrda ailəsinə təhvil verilərək Mırtı kənd qəbristanlığında dəfn olunub.
Rəhim Həmidov Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev