Azadsöz.az xəbər verir ki, radiasiya və geomaqnit qasırğasının gözlənilməsi ilə bağlı məlumatı Şamaxı Astrofizika Rəsədxanası verib.
Bildirilib ki, proqnoz günlərində (30 noyabr-03 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir. Tac Kütlə Atılmalarının təsiri ilə enerjisi 2 MeV-dən çox olan elektron selinin yüksək səviyyələrə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton seli üçün isə S1 səviyyəli radiasiya qasırğası gözlənilir.
Qeyd edilib ki, 27-28 noyabrda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası olması gözlənilir. 1 dekabr tarixində isə aktivliyin artacağı, maqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yüksələcəyi, dekabrın ayının 2-də yenidən G1 səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.
Dekabrın ilk günlərində geomaqnit sahəsinin aktiv səviyyələrdə olacağı və 5 dekabrda yenidən G1(zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.