Azadsöz.az xəbər verir ki, bu gün torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Fərid İlyas oğlu Nadirovun üçüncü ildönümü Göyçay Şəhidlər Xiyabanında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, Azadsöz.az xəbər saytının və AzadSözAz televiziyasının əməkdaşları, şəhidimizin təhsil aldığı Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbin şagird, tələbə, müəllim heyyəti, şəhid ailələri, dindarlar, ağsaqqallar, qazilər, ictimaiət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edənlər şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər. Şəhidimizin keçdiyi döyüş yolundan, igidliyindən danışıblar. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıblar. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Ordusunun işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdığını, xalqımızın əzmkarlığını diqqətə çatdırıblar.
Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Fərid İlyas oğlu Nadirov 21 sentyabr 2000-ci ildə Göyçay rayonunun Üngütlü kəndində anadan olub. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak edərək, Füzuli, Hadrut istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərib.Oktyabrın 13-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev