Azadsöz.az xəbər verir ki, noyabrın 24-də torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan korpus komandirinin müavini, polkovnik Babək Mətləb oğlu Səmidlinin üçüncü ildönümü ilə əlaqədar Göyçay Şəhidlər Xiyabanında şəhidimizin məzarı önündə anım mərasimi keçirilib.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının əməkdaşları, Müdafiə Nazirliyi “N” saylı hərbi hissəsinin əməkdaşları, şəhidimizin döyüş yoldaşları, idarə, müəssisə, təşkilatların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, ictimaiyyətin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Polkovnik Babək Səmidlinin məzarı üzərinə tər qərənfillər düzülüb, xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Bildiriblər ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Əldə etdiyimiz tarixi Qələbəni Polkovnik Babək Səmidli kimi zabitlərimizin, əsgərlərimizin qanı bahasına qazanıldığını vurğulayıblar. Zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlı olduğunu, torpaq üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdiyini qeyd ediblər.
Daha sonra vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Polkovnik, Azərbaycan Silahlı Qüvvələrinin Ordu Korpusunun Komandir müavini – Qərargah rəisi, Vətən müharibəsinin şəhidi Babək Mətləb oğlu Səmidli 7 yanvar 1974-cü ildə Göyçay rayonunda anadan olub. 2016-cı ilin aprel döyüşlərində də iştirak edib. Azərbaycan Ordusunun polkovniki və 1-ci Ordu Korpusunun Komandir müavini olan Babək Səmidli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsində də iştirak edib. Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə rəhbərlik edib və onun rəhbərliyi altında Suqovuşan qəsəbəsi qısa müddət ərzində işğaldan azad edilib.2020-ci il noyabrın 23-də Babək Səmidli Suqovuşan ərazisində minaya düşərək şəhid olub. Babək Səmidli noyabrın 24-də Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Polkovnik Babək Səmidli ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları və “Zəfər” ordeni ilə təltif edilmişdir.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev