Azərbaycan xalqı 30 ilə yaxın işğal olunmuş torpaqlarımızın həsrəti ilə yaşadı. Dövlətimiz bu illər ərzində hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıraraq məsələnin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində sülh və danışıqlar yolu ilə həllinə səy göstərsə də, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasəti hər hansı bir müsbət nəticənin əldə olunmasına imkan vermədi.
Ermənistanın növbəti hərbi təxribatları ilə başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi isə problemi kökündən həll edərək 30 ilin ədalətsizliyinə son qoydu. 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan rəşadətli Azərbaycan ordusunun uğurları, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, xalqına və torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalqımızın yenilməz birliyinin məntiqi nəticəsi olaraq qazanılan şanlı Zəfər tariximiz əbədi olaraq yaddaşlara həkk olundu. Azərbaycanın şanlı Qələbəsi, Ermənistanın rüsvayçı kapituliyasiyası nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonlarının hərbi əməliyyatlar aparılmadan işğalçılardan azad edilməsi isə müharibələr tarixində çox az təsadüf olunan unikal hadisələrdən biri kimi dünya tarixində yer aldı.
Azərbaycanın hərbi diplomatik qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 20-də Ağdamın, 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Kəlbəcər və Ağdam rayonlarından qeyd-şərtsiz tərk etməsini nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın gücü ilə beynəlxalq hüquqa uyğun olaraq icra edildi.
Ağdam rayonundan sonra Qarabağın qala qapısı sayılan Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız böyük Qələbənin diplomatik yolla davamı, eyni zamanda möhtəşəm tarixi Qələbənin daha bir təsdiqi olaraq səciyyələndi.
Qeyd edək ki, 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Kəlbəcər rayonu Azərbaycanın ən füsunkar təbiətə malik diyarlarından biri, əsl cənnət-məkandır. Rayon ərazisi 30 mindən artıq bulağı, 4 mindən artıq müxtəlif növ bitkisi, sahəsi 30 min hektardan çox meşələri, 4 min metrə qədər olan yüksəklikləri, ucsuz-bucaqsız çəmənlikləri ilə, mübaliğəsiz, təkrarolunmaz təbiət incisidir. Bütün bu sadalanan zənginliklər Kəlbəcəri ən cazibədar ünvana çevirməyə imkan verir. Vaxtilə Ulu Öndər Heydər Əliyev çıxışlarından birində demişdi: “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqlim və təbiətinin gözəlliyinə görə, həm də orada yaşayan insanlarının fədakarlığına görə respublikada çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın Silahlı Qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar.” Ulu Öndərin o zaman qətiyyətlə səsləndirdiyi bu fikirlər bütün xalqla bərabər, kəlbəcərlilərdə də bu inam və əminliyi günbəgün gücləndirirdi. Artıq haqq-ədalət bərpa olunub və Azərbaycanın ən gözəl rayonlarından biri, Kiçik Qafqazın xəzinələr diyarı, cənnəti olan Kəlbəcər azadlığına qovuşub. İndi bu füsunkar bölgənin inkişafı ilə bağlı strateji planlar sürətlə reallığa çevrilir, Böyük Qayıdış strategiyasının daha uğurla reallaşması üçün mükəmməl layihələr gerçəkləşdirilir.
Möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və nəzarəti altında Kəlbəcərdə kompleks işlər sürətlə həyata keçirilir, infrastruktur layihələr gerçəkləşdirilir, yollar, tunellər inşa olunur, su elektrik stansiyaları qurulur, əhəmiyyətli obyektlərin bünövrəsi qoyulur. Cənab prezidentin Kəlbəcərə edilən hər bir səfəri burada aparılan işlərin daha da sürətlənməsinə səbəb olur. Aparılan geniş quruculuq və bərpa işləri hər bir Azərbaycan vətəndaşında böyük qürur hissləri yaradır. Əminliklə söyləmək olar ki, həyata keçirilən bütün bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti tezliklə özünə qaytarılacaq.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub.
Bu gün doğma Kəlbəcərimiz azaddır. İşğaldan azad olunan bütün ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də üçrəngli Bayrağımız əzəmət və qürurla dalğalanır.
Azadsöz.az