Bu gün ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən hadisələrdən olan Yeni Azərbaycan Partiyasının yaranmasından 31 il ötür. Bu 31 illik fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli inkişaf yolu keçib.
Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının ən ağır günlərində, ölkəmizin müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalqımızı bu mürəkkəb vəziyyətdən çıxarmaq amalı ilə yaradılmış təşkilatdır. 1991-ci il oktyabr ayında Azərbaycan xalqı uzun illər həsrətində olduğu müstəqilliyini qanı bahasına yenidən bərpa etdi. Lakin ölkəmiz o zamanki hakimiyyətin səriştəsizliyi nəticəsində yenidən öz müstəqilliyini itirmək astanasında idi. Azərbaycanın qarşısında çox mühüm çağırışlar dayanır, taleyüklü məsələlərin həll edilməsi həyati zərurətə çevrilmişdi. Bu ağır yüklü və son dərəcə məsuliyyətli məsələləri həll etmək missiyasını üzərinə götürə biləcək güclü, vahid idealogiyası, proqramı və strateji hədəfləri olan, vətəndaşların siyasi iradəsini ifadə edə biləcək siyasi təşkilata zərurət var idi. Bu baxımdan Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizdə cərəyan edən hadisələrin məntiqi nəticəsi idi, çünki belə bir mürəkkəb şəraitdə Ulu öndər Heydər Əliyevin müdrikliyi, xalqın ona olan inamı, sevgisi Yeni Azərbaycan Partiyasının yaranmasını labüdləşdirdi. Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək demişdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır.”
Beləliklə, 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Heydər Əliyev ideaları əsasında qurulan partiyamız qısa zaman ərzində xalqın inamını doğrultdu. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Heydər Əliyev Azərbaycan xalqının təkidli tələbi ilə tezliklə ölkə rəhbərliyinə yenidən qayıdışı ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına çevrildi. Ölkənin hakim partiyası kimi YAP müstəqillik tariximizdə mühüm rol oynadı. Ulu öndərin milli məfkurəsindən güc alan partiyamız qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən azərbaycançılıq prinsiplərinə əsaslanan real siyasi qüvvə kimi özünü təsdiq etdi.
26 mart 2005-ci ildə keçirilən YAP-nın III qurultayında partiya sədrinin müavini Prezident İlham Əliyevin təşkilata sədr seçilməsi və onun yeni çağırışlar üzərində apardığı islahatlar inkişafa daha da təkan verdi. Partiya sədri kimi Prezident İlham Əliyev dövlət və cəmiyyətin inkişafı istiqamətində sağlam əməkdaşlıq mühitini təşviq etməklə bütövlükdə, ölkədə qarşılıqlı hörmət və ehtiram üzərində qurulan siyasi sistem yaradaraq geniş islahatlara başladı. Eyni zamanda iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişafı, milli birliyə nail olunması, dövlətçilik maraqlarımızın qorunması, ölkədə demokratik siyasi mühitin yaradılması partiya sədri kimi prezident İlham Əliyevin böyük xidmətlərindəndir. Yarandığı gündən bu günümüzədək YAP-nın dövlət və vətəndaş cəmiyyətinin inkişafına töhfələri danılmazdır.
YAP xalqın böyük etimadını və inamını qazanmış, ölkə daxilində möhkəm mövqeyə malik, eyni zamanda, geniş beynəlxalq münasibətlər qurmağı bacarmış ən böyük siyasi təşkilatdır. Partiyamız cəmiyyətin bütün təbəqələrini özündə birləşdirir, bütün regionlarda yerli təşkilatları uğurla fəaliyyət göstərir. Partiyamız öz fəaliyyətini möhtərəm prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət kursuna uyğun şəkildə qurur və müasir dövrün çağırışlarını diqqətdə saxlayır.
Əlbəttə Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin dəmir iradəsinin əsəri olan uğurlarının zirvəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində onun birbaşa rəhbərliyi ilə Ermənistan üzərində əldə etdiyimiz parlaq Zəfər bu ilin sentyabr ayında həyata keçirilən cəmi 23 saatlıq antiterror tədbirləri nəticəsində qazandığımız tam Qələbə dayanır. İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Azərbaycan dövlətinin qarşısında duran ən önəmli vəzifəni – respublikamızın ərazi bütövlüyünü və suverenliyini təmin etdi.
Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini verir.
Heç şübhəsiz ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın tarixində, ictimai-siyasi həyatında öz nüfuzunu və mövqeyini qoruyaraq ölkəmizin inkişafına daha böyük töhfələr verəcəkdir.
Azadsöz.az
Zivər Zeynalova