Azadsöz.az xəbər verir ki, ABŞ-nin “Amazon.com Inc.” şirkəti gələn il öz elektron ticarət platformasında avtomobillərin ABŞ-də satışına icazə verəcək.
Bu barədə şirkətin açıqlamasında bildirilir.
Saytda ilk olaraq Cənubi Koreyanın “Hyundai” şirkətinin avtomobilləri satışa çıxarılacaq.
Müştərilər “Amazon” saytında onlara ən yaxın olan dilerlərdən mövcud olan yeni avtomobilləri satın ala, sonra isə kredit vəsaiti də daxil olmaqla, üstünlük verdikləri ödəniş variantlarından istifadə edərək onlayn sifariş verə biləcəklər. Bundan sonra avtomobil ya alıcıya çatdırılacaq, ya da o, avtomobili dilerdən götürə biləcək.
Qeyd edək ki, “Amazon”un səhmləri cümə axşamı günü 0,3% ucuzlaşıb. Eyni zamanda avtomobillərin onlayn satışı ilə bağlı xəbərlər işlənmiş avtomobillərin onlayn satışı üzrə ixtisaslaşan “Carvana Co.” və “CarMax Inc.” şirkətlərinin qiymətli kağızlarının dəyərinin 5%-dən çox aşağı düşməsinə səbəb olub.