Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısı Zirvə görüşündə çıxış edib.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın üzv, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının müşahidəçi kimi təmsil olunduqları Türk Dövlətləri Təşkilatının noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada keçirilən Sammitində türk dövlətlərinin ümumi maraqlarını ifadə edəcək mühüm məsələlər müzakirə olunub. “Türk Əsri” çağırışı altında keçirilən Sammitdə türk dövlətləri arasında iqtisadi, ticari, nəqliyyat, gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə olunaraq və birgə layihələr təsdiq edilib. Dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əsas istiqamətləri nəzərdən keçirilib. Sammitin yekununda dövlət başçıları bir sıra müvafiq qətnamələrlə yanaşı, Astana Aktını və Astana Sammiti Bəyannaməsini imzalayıb.
Təbii ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dövlətlərinin birliyi amallarına sadiq qalacaqdır.
Bu gün Türk dünyasının birliyinin yüksək zirvəyə çatdığı tarixi məqamları yaşayırıq. Naxçıvandan başlayan missiya bu gün daha da yüksələn xətlə davam edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu mühüm məqam Azərbaycanın Türk dünyasının birliyinə töhfələrinin aydın mənzərəsini yaradır. Belə ki, 2009-cu ilin oktyabrın 9-da türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə saziş imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Həmin sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. O zaman sənədi dörd ölkənin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalamışdır. İllər keçdikcə, xüsusilə Azərbaycanın və Türkiyənin liderliyi sayəsində quruma üzv ölkələr arasında əlaqələr daha da genişləndi. 2020-ci ilin noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşü mühüm məqamları ilə diqqətdə oldu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında, Türkmənistana təşkilatda müşahidəçi statusu verilməsi haqqında, Azərbaycan prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında, “Türk dünyasına baxış-2040” sənədinin qəbulu ilə bağlı Qərar qəbul edildi. Bu müddətdə türkdilli dövlətlərin birliyinin daha da dərinləşdirilməsinə xidmət edən konfranslar, Zirvə görüşləri keçirildi, mühüm qərarlar qəbul edildi. Təbii ki, tariximiz, mədəniyyətimiz, ənənələrimiz, ortaq keçmişimiz bu birliyi zəruri edirdi. Türk dünyasını böyük bir ailə kimi dəyərləndirən möhtərəm dövlət başçımız elə Sammitdə çıxışı zamanı bir daha bu çağırışı səsləndirərək bildirdi ki, Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.
Cənab prezident çıxışı əsnasında quruma üzv və müşahidəçi dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynayan qarşılıqlı səfərlərə də diqqəti yönəldərək əlaqələrin səmimiyyət dərəcəsini əks etdirən önəmli statistikanı vurğuladı ki, son iki il ərzində bu ölkələrə 20 səfər etmişdir. Eyni zamanda qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.
Zirvə görüşünün mövzusu Türk dünyasının birliyinin daha da möhkəmləndirilməsi, gələcəyimizlə bağlı çağırışların bütün məqamlarını özündə əks etdirirdi. Bu gün real mənzərə onu deməyə əsas verir ki, Türk birliyi qlobal gücə çevrilib və eyni zamanda Türk dünyası ölkələrinin əlaqələrinin genişlənməsi, dərinləşməsi və strateji xarakter alması çox mühüm əhəmiyyət kəsb edir.
Cənab prezident çıxışı əsnasında eyni zamanda Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərqərar edərək ərazi bütövlüyümüzün təmin edilməsi ilə bağlı fikirlər səsləndirdi. Bildirdi ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir. Və eyni zamanda vurğuladı ki, üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı və bu gün qarşıda əsas hədəf olan Böyük Qayıdış Proqramı uğurla icra olunur. Artıq keçmiş məcburi köçkünlər – bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev çıxışı zamanı bu məqama da xüsusi diqqət yetirərək təssüf hissi ilə vurğuladı ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə vəziyyətdə ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Bunun üçün üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlıq daha da artmalıdır.
Beləliklə, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşü tarixə yazılan növbəti türk zəfəri kimi yadda qaldı və bir daha sarsılmaz türk birliyini dünyaya nümayiş etdirdi.
Azadsöz.az