Azadsöz.az xəbər verir ki, noyabrın 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatması məmnunluqla vurğulandı.
Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını Xankəndi və Xocalı şəhərlərində Azərbaycan Bayrağını ucaltması münasibətilə təbrik etdi.
Söhbət zamanı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi qeyd olundu.
Görüşdə ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.