08 Sentyabr 2024 04:52

Bakıda Milli Atçılıq Festivalı keçiriləcək

Azadsöz.az xəbər verir k, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 5-8 noyabr 2023-cü il tarixlərində Binə Atçılıq Mərkəzində, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq Milli Atçılıq Festivalı keçiriləcək.

Festivalda yalnız milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə çövkən çempionatı, cıdır yarışları və yorğa qaçışları təşkil olunacaq.

Noyabrın 5-də saat 11:00-da qapalı manejdə festivalın təntənəli açılış mərasimi təşkil olunacaq. Həmin gün açılış mərasiminin ardınca çövkən üzrə dünya çempionatının ilk 3 oyunu keçiriləcək. Noyabrın 6-da çempionatın digər 3 oyunu səhər 11:00-dan etibarən oynanılacaq.

Çövkən çempionatında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa və Mərakeş milliləri iştirak edəcəklər.

Noyabrın 7-də saat 11:00-da cıdır və yorğa qaçışlarına start veriləcək. Qaçışlar Binə Atçılıq Mərkəzinin cıdır yolunda təşkil olunacaq. 6 yorğa qaçışı və 5 cıdır qaçışı olmaqla ümumilikdə 11 qaçışda iştirakçılar kuboklar uğrunda mübarizə aparacaqlar. Kubok adları işğaldan azad olunmuş 11 xüsusi ərazinin adı ilə adlandırılıb. Günün yorğa üzrə baş yarışının kubokunun adı “Şuşa”, cıdır üzrə baş yarışının kubokunun adı isə “Xankəndi”dir.

Noyabrın 8-də çövkən üzrə dünya çempionatının 3-cülük uğrunda və final oyunları keçiriləcək. Günün ilk oyunu saat 11:00-da başlayacaq.

Noyabrın 3-də saat 12:00-da Xəyal adasında yerləşən “Dreamland Golf Hotel” mehmanxanasında mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında dünya çempionatının püşkatması da təşkil olunacaq.