Azadsöz.az xəbər verir k, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edib.
Dövlət başçısı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirdi.
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü dövründə Pakistan hökumətinin və xalqının ölkəmizə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Pakistanın Ermənistanın təcavüzünə görə bu ölkə ilə diplomatik əlaqələr qurmamasını Azərbaycana göstərilən qardaşlıq münasibətinin nümayişi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi dövründə də Pakistanın Azərbaycana göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını ifadə etdi.
Dövlətimizin başçısı torpaqlarımızın işğaldan azad olunması kimi tarixi missiyanı başa çatdırdığımızı, suverenliyimizin tam bərpa olunduğunu, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma işlərinə başlanıldığını məmnunluqla bildirdi.
Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında hərbi sənaye sahəsində uğurlu əməkdaşlığın olduğunu deyərək, ölkələrimizin birgə hərbi təlim keçirməsinin önəminə toxundu.
Dövlətimizin başçısı beynəlxalq səviyyədə ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsinə toxunaraq, Azərbaycanın qardaş Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini bir daha qeyd etdi.
Prezident İlham Əliyev Asim Munirin səfərinin əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.
Asim Munir İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə və bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərində Azərbaycanın qazandığı uğurlar münasibətilə təbriklərini çatdırdı, bunun Pakistanda böyük sevinclə qarşılandığını qeyd etdi. Qonaq Pakistanın Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri nümayiş etdirərək, Ermənistanı bu günə kimi tanımadığını bir daha vurğuladı.
Asim Munir Cəmmu və Kəşmir məsələsində ölkəmizin dəstəyinə görə minnətdarlığını bildirdi.