Azadsöz.az xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Şəki Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI hissəsi baxımından Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinin həmin Məcəllənin 208-ci maddəsi ilə və İnzibati Xətalar Məcəlləsinin 43.4, 128.2.3-cü və 129.1.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Şəki Rayon Məhkəməsi və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmə və Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI hissəsinin tələbləri baxımından Əmək Məcəlləsinin 208-ci maddəsinə əsasən həmin Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydalarının hərbi qulluqçulara münasibətdə onların məhz müəssisələrdə işə cəlb edildiyi halda tətbiq olunması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi ilə ziddiyyət təşkil etmir.
İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü və 129.1.4-cü maddələrinin tələbinə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barəsində inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.