Azadsöz.az xəbər verir ki, qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Azər Elnur oğlu Əliyevin şəhadətə qovuşmasının üçüncü ildönümü Göyçay rayon Kürdşaban kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, Azadsöz.az xəbər saytının və AzadSözAz televiziyasının kollektivi, şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edənlər şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Bildiriblər ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə ilə yaddaşlara əbədi həkk olundu. Həmin müharibə ilə xalqımızın 30 illik Qarabağ niskilinə 44 gündə son qoyuldu. 44 günlük Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimiz, canını Vətən torpağına fəda edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz döyüş meydanındakı qəhrəmanlıqları ilə dövlətimizin, ordumuzun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdilər.
Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Azər Elnur oğlu Əliyev 21 mart 2002-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak edib. 30 oktyabrda Füzuli rayonu uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.Göyçay rayonu Kürdşaban kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Azər Əliyev ölümündən sonra “Vətən uğrunda” , “Füzuli rayonunun azad olunmasına görə” və “Cəsur döyüşcü” medalları ilə təltif edilib.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev