Azadsöz.az xəbər verir ki, bu gün torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fərid Mövsümovun şəhadətə qovuşmasının üçüncü ildönümü Göyçay şəhər Şəhidlər Xiyabanında şəhidin məzarı önündə qeyd olundu.
Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, Azadsöz.az xəbər saytının və AzadSözAz televiziyasının kollektivi, şəhid ailələri, dindarlar, ağsaqqallar, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edənlər şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Bildiriblər ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Qələbə, böyük Zəfər bütün dünya dövlətlərinin marağına səbəb olub. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı 30 il işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü. Hərbçilərimiz, əsgərlərimiz göstərdikləri şücaətlə, qəhrəmanlıqla bütün dünyaya sübut etdilər ki, Azərbaycanın güclü ordusu var. Ən əsası da həmin ordu öz torpağımızda vuruşaraq, öz torpağımızı qorudu və işğalçıları öz torpaqlarımızdan qovdu.
Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Fərid Zakir oğlu Mövsümov 19 sentyabr 1987-ci ildə Göyçay şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində könüllü olaraq döyüşə yollanıb.Füzuli rayonunun Qaraxanbəyli, Üçbulaq kəndlərində gedən döyüşlərdə iştirak edib.Oktyabrın 30-da şəhid olub.Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Fərid Mövsümov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev