Azadsöz.az xəbər verir ki, Müstəqil Azərbaycan dövlətinin özünün ərazi bütövlüyünü təmin etmək üçün Qarabağda apardığı və uğurla başa çatdırdığı lokal antiterror əməliyyatı Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüquq normalarına tam uyğundur. Azərbaycan Respublikasının ərazisi daxilində qanunsuz olaraq yerləşdirilmiş Ermənistanın seperatçı hərbi birləşmələrinin Azərbaycan ordusu tərəfindən tərkisilah edilməsi və silah-sursatlarını təhvil verməklə Qarabağdan çıxarılması regionda sabitliyin və gələcək inkişafın təmin edilməsi üçün atılmış zəruri addımdır.
Azərbaycanın bu Qələbəsi eyni zamanda ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyimiz ən böyük nailiyyətdir. Azərbaycan yenə də təkbaşına bu vəzifənin öhdəsindən şərəf və ləyaqətlə gələrək və öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Ağ bayraq qaldıran qondarma rejim Bakının şərtlərini qəbul etdi. Yevlaxda görüşə razılığın verilməsi isə müasir tarixin daha bir tarixi əhəmiyyətli görüşü kimi yadda qaldı.
Azərbaycan Qarabağda lokal antiterror tədbirləri uğurla icra edərək qarşıda duran bütün vəzifələri cəmi bir gün ərzində həyata keçirdi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcək. Ordumuz həqiqətən gələcəyin – XXI əsrin daha bir əməliyyat modelini ortaya qoydu. Dünya bir daha gördü ki, yüksək peşəkarlığa sahib olan Azərbaycan ordusu qarşıya qoyulan hədəflərə uğurla çatır. Bunun nəticəsində də strateji hədəflərə nail olunur. Bu Zəfər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun yüksək peşəkarlığının bir daha bariz nümunəsi oldu. Cənab prezidentin 20 sentyabr tarixində xalqa müraciətində qeyd etdiyi kimi, hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərək və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər.
Prezident İlham Əliyev öz çıxışında eyni zamanda Azərbaycan Ordusunun dəqiqliyindən, humanist mövqeyindən və xüsusi təchizatından danışaraq bildirdi ki, bunların sayəsində heç bir mülki obyekt hədəfə çevrilmədən yalnız və yalnız hərbi obyektlər vurulub.
2023-cü ilin 20 sentyabr tarixində Azərbaycan xalqına tarixi müraciətində prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev antiterror tədbirləri, onun zəruriliyi və nəticələri barədə fikirlərini açıqlamış, bu xüsusda baş verən hadisələri müxtəlif aspektlərdən təhlil edərək yeni şəraitdə qarşıda duran məsələləri diqqətə çatdırmışdır. Bu müraciət, əslində, tək Azərbaycan vətəndaşlarına deyil, həm də Qarabağda yaşayan erməniəsilli sakinlərə ünvanlanan bir ismarıcdır. Diqqət yetirsək, aydın görə bilərik ki, ölkə başçısının bəyanatında səslənən tezislər əsasən humanizm dəyərləri üzərinə köklənir. Belə ki, Qarabağın terrorçulardan təmizlənməsi ilə bağlı tədbirlər mülki əhaliyə və mülki obyektlərə toxunmadan böyük peşəkarlıq və dəqiqliklə həyata keçirilmişdir. “Mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirlər nəticəsində Qarabağda yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Ordumuzun bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır. Və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”. Xalqa müraciətində bu məqamlara toxunan Azərbaycan prezidenti hümanizm prinsiplərinə hər zaman sadiq olduğumuzu bir daha vurğuladı.
Azərbaycan prezidentinin xalqımıza müraciətində əldə etdiyimiz Zəfərin xülasəsi və onun yaratdığı yeni sülh perspektivləri ilə bağlı mühüm istiqamətlər var idi. Hər şeydən öncə bir daha aydın oldu ki, həyata keçirdiyimiz lokal antiterror tədbirlər sülhü daha da yaxınlaşdırıb.
Azərbaycan prezidentinin toxunduğu ən mühüm istiqamətlərdən biri bütövlükdə regionun gələcəyi ilə bağlı idi. Həmin problemlərdən biri vaxtilə seperatçı rejimin nəzarəti altında yaşayan erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasıdır. Dövlətimizin başçısı bəyan etdi ki: “Qarabağın erməni sakinlərinin reinteqrasiyası və fundamental konstitusion hüquqlarının təmin edilməsi üçün xüsusi plan artıq hazırdır. Bu gün artıq Yevlax şəhərində Azərbaycan Respublikasının nümayəndəsi ilə Qarabağ icmasının təmsilçisinin görüşü baş tutmuşdur. Düşünürəm ki, ortaya praqmatik yanaşmalar qoyularsa sülh və barışığın təmin olunmasına hesablanmış addımlar bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün mühüm töhfə olacaq. Öz tərəfindən Azərbaycan buna tam hazırdır. Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər, biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bu təklifi edirik və ümüd edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan təklifdir”.
Beləliklə, tarixi Zəfərimizdən sonra Qarabağda böyük uğurla həyata keçirilmiş antiterror əməliyyatı ilə Ali Baş Komandan İlham Əliyev Azərbaycanın çoxəsirlik dövlətçilik tarixinə daha bir təkrarsız Böyük Qələbə hadisəsi əlavə etdi və bu Qələbə dünya hərb tarixinin nadir hadisəsi kimi müasir tarixə yazıldı.