Azadsöz.az xəbər verir ki, bu gün 2022-ci ilin sentyabr döyüşlərində düşmən təxribatının qarşısını alan zaman şəhid olan Elnur Nərbala oğlu Məhərrəmovun anım günü Şəkər kənd qəbristanlığında şəhidin məzarı önündə qeyd olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, İcra hakimiyyəti başçısı aparatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Göyçay Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Eldəniz Rüstəmov, kənd sakinləri, şəhid ailələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin məzarı üzərinə tər qərənfillər düzülüb, xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər Vətən, torpaq uğruna canını fəda edənlərin heç vaxt unudulmayacaqlarını, əbədi yaşayacaqlarını diqqətə çatdırıblar.44 günlük Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlardan, Dövlət-Ordu-Xalq birliyindən danışıblar. Hər bir azərbaycanlının “Dəmir yumruq” ərtafında sıx birləşərək qırılmaz zəncir yaratdığını mənfur düşmənə və dünyaya göstərdiyini vurğulayıblar. 44 gündə qazanmış olduğumuz Zəfərimizə kölgə düşürməyə çalışan düşmən 10 noyabr 2020-ci il bəyanatının şərtlərini pozaraq yenidən öz düşmən xisləti ilə Azəbaycana qarşı təxribat törətməyə çalışsa da hər zaman olduğu kimi yenə də tutarlı cavabla susdurulduğunu bildiriblər.
Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Tədbir çərçivəsində mərasim iştirakçıları Şəkər kənd qəbirstanlığında uyuyan Birinci Qarabağ şəhidlərinin məzarlarını ziyarət edərək üzərilərinə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Elnur Nərbala oğlu Məhərrəmov 18 may 2001-ci ildə Göyçay rayonunun Şəkər kəndində anadan olub. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat zamanı 15 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.