26 Aprel 2024 22:38

Fərqliliyimiz Uğurumuzdur

Bu gün Adil İsgəndərovun doğum günüdür-FOTO

Azadsöz.az  xəbər  verir  ki, bu  gün Azərbaycan-sovet teatr və kino rejissoru, aktyoru, SSRİ xalq  artisti Adil İsgəndərovun doğum günüdür. Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib.

Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. “Köhnə kişilər”in təbiəti var idi onda.

Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı. Adil müəllim Teatr Texnikumu və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi.

1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını “Adil İsgəndərov teatrı” adlandırırdılar. Rejissor debütü olan “Polad qartal” (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsil heyrət doğurmuşdu. Aydın hiss olunurdu ki, teatra əsil sənətkar gəlib.

Adil İsgəndərovun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti idi. Adicə görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirdi.

Bu böyük sənətkar həm də güclü təşkilatçı idi. İnsanlarla dil tapmağı bacarırdı. Teatrda direktor işlədiyi illərdə tamaşaların keyfiyyəti yüksəldi, repertuarı zənginləşdi. Və yəqin ki, onun bu qabiliyyətini nəzərə alıb C. Cabbarlı adına “Azərbaycanfilm” kinostuduyasına direktor (1966–1974) təyin etdilər. 1966-cı ilə qədər Adil İsgəndərov kinoda aktyor kimi işləmişdi.

Adil İsgəndərovun kino aktyorluğunda çox aydın sezilən bir səmimiyyət var. Onu tamaşaçıya sevdirən də elə istedadla səmimiyyətin vəhdətidir.

Onunla bir yerdə çalışanlar, dostları, tələbələri, bir sözlə, bu nəhəng sənət fədaisi ilə təmasda olan bütün insanlar Adil İsgəndərov haqqında xoş xatirələr danışırlar. Doğrudan da, Adil müəllim uzun illər teatr, kino sənətimizin də yoluna işıq saçmış, respublikamızda bu incəsənət sahələrinin inkişafı üçün böyük məktəb yaratmışdı.

Bu gün həmin sahələrin yükü də elə onun məktəbinin yetirmələrinin çiyinlərində qərar tutub. 40 ilə yaxın teatrımızın, ekran sənətimizin inkişafına xidmət etmiş bu fenominal şəxsiyyət bütün yaradıcı fəaliyyətini milli-mənəvi dəyərlərimizin qorunmasına yönəldib. Adil müəllim bütün ruhu ilə azərbaycanlı idi, o, bu xalqı sevirdi və yaratdıqları da xalqın ruhundan güc alırdı.

Adil İsgəndərov 1978 ci il sentyabrın 18-də Bakıda vəfat etmişdir.

Erməni ssenaristi Bakıdan qovan, kino mükafatından imtina edən, gizlicə dəfn olunan Xalq artisti

 

Gizli dəfn edilən böyük aktyor – Anım - Xəbər24

Erməni ssenaristi Bakıdan qovan, kino mükafatından imtina edən, gizlicə dəfn olunan Xalq artisti