Azadsöz.az xəbər verir ki, Baş Prokurorluq tərəfindən əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.
Qurumdan verilən məlumata görə, işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi, habelə işçinin əməkhaqqısının vaxtında verilməməsi və digər qanun pozuntuları barədə vətəndaşlar və dövlət qurumlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində araşdırmalar aparılıb.
Araşdırmalarla ölkə ərazisində qida və qeyri-qida məhsullarının satışını həyata keçirən supermarketlərdən biri tərəfindən işçiyə ayda bir dəfədən az olmayaraq əməkhaqqı verilməsi, habelə əməkhaqqının hesablanması və ödənilməsi barədə qanunun tələblərinin pozulması müəyyən edilib.
Həmçinin müəyyən edilib ki, Ağcabədi rayonunda əczaçılıq fəaliyyətini həyata keçirən müəssisələrdən biri uzun müddət işçini əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edib.
Qeyd olunan faktlar üzrə hüquqi və vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələrilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Dövlət Əmək Müfəttişliyinə göndərilib.