Azadsöz.az xəbər verir ki, Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanovun vəkili bir sıra vəsatətlər qaldırıb.
Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. İş apellyasiya baxışına təyin edilib.
Xatırladaq ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, barəsindəki hökmün ləğv edilməsini və bəraət hökmünün verilməsini istəyib.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (Xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.9 (Təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.