AQTA-nin məlumatına görə, yoxlama zamanı müəssisədə sanitar gigiyenik norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanıb.
Belə ki, müəssisədə emal olunan balıqların baytarlıq arayışı ilə müşayiət edilmədiyi, məhsulun hazırlanması və emalı üçün gigiyenik cəhətdən uyğun şəraitin olmadığı, yuyulma zamanı istifadə edilən qabların mütəmadi təmizlənmədiyi, xammal və inqrediyentlərin temperatur rejiminə əməl olunmadan yararsız və çirkli qablarda saxlanıldığı müəyyən edilib.
Həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, tavan, döşəmə və divar səthlərinin asan təmizlənə bilən materiallarla üzlənmədiyi aşkarlanıb. Müəssisədə istehsal zamanı texnoloji ardıcıllığa riayət olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq dezinfeksiya işlərinin aparılmadığı, işçi heyətin tibbi müayinələrdən keçmədiyi və iş prosesi zamanı xüsusi gigiyenik geyimlərdən istifadə edilmədiyi aşkar olunub.
Aşkarlanmış çatışmazlıqlarla əlaqədar məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Eyni zamanda çəkisi 930 kq olan müxtəlif çeşidli balığın satışı qadağan edilib, protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.