Azadsöz.az xəbər verir ki, 12 iyul 2023-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Eldar Bağır oğlu Şirinovun ad günü Çərəkə kənd Şəhidlər Xiyabanında şəhidin məzarı önündə qeyd olundu.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi polkovnik Pərviz Feyzullayev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid ailələrinin üzvləri, vətən müharibəsi əlilləri və iştirakçıları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə çıxış edənlər şəhidin ailəsinə baş sağlığı veriblər. 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində Qələbə ilə başa çatmasından söz açıblar.Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırdığı mifi ilk gündən dağıdaraq, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdiyini diqqətə çatdırıblar. Bu gün azad olunmuş torpaqlarda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri bütün dünyaya dövlətimizin qüdrətinin, xalqımızın əyilməz iradəsinin olduğunu qeyd ediblər.
Daha sonra rayonun küçələrindən birinə verilən şəhidin adının açılışı olub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Xatırladaq ki, Eldar Bağır oğlu Şirinov 12 iyul 2001-ci ildə Göyçay rayonunun Çərəkə kəndində anadan olub.2019-cu ilin iyu ayında Həqiqi Hərbi xidmətə çağırılıb.Beyləqan rayonunun “N” saylı kəşfiyyat bölüyündə xidmət edib. Xidmətdə olan zaman 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsində iştirak edib.Oktyabrın 6-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göyçay rayonunun Çərəkə kəndində dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Eldar Şirinov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Səbuhi Eltonlu
Gülşən Muradova