Azadsöz.az xəbər verir ki, Vatikanla Heydər Əliyev Fondu arasında əməkdaşlıq çox əlamətdardır, çünki bu əməkdaşlıq sayəsində Vatikanın şah əsərləri bərpa olunur.
Bu barədə Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin jurnalistlərə verdiyi açıqlamasında deyib.
“Bu, böyük əhəmiyyət kəsb edir, çünki Vatikan tarixin mərkəzi və bilik mənbəyidir. Mənim bu əməkdaşlıqdan böyük gözləntilərim var”, – dövlət katibi bildirib.
Kardinal Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında uğurlu əməkdaşlığı vurğuladı. O, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda dünya əhəmiyyətli bir sıra tarixi abidələrin bərpasında Fondun verdiyi töhfəni qeyd etdi.
Daha sonra dövlət katibi bildirdi ki, səfərin əsas məqsədi regionda sülhün bərqərar olmasıdır.
“Müqəddəs Taxt-Tacın əsas missiyası budur – harada ehtiyac varsa, sülhə töhfə vermək. Biz Prezident İlham Əliyevə Müqəddəs Ata kimi sülh və təhlükəsizliyin bərqərar olmasına hər cür töhfə verməyə hazır olduğumuzu bildirdik. Həmçinin iki tərəf arasında uzunmüddətli sülhə nail olmaq üçün daima hazır olduğumuzu ifadə etdik. İnanırıq ki, Müqəddəs Taxt-Tacın verə biləcəyi ən yaxşı töhfə, ilk növbədə, humanitar yardımdır”, – Pietro Parolin bildirib.
Kardinal Pietro Parolin çıxışında Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında gördüyü işləri də vurğulayıb.
“Biz hamını dağıntıların qarşısını almağa və abidələri bərpa etmək üçün əməkdaşlığa çağırırıq. Ümid edirəm ki, bu, mümkün qədər tez həyata keçirilə bilər”, – kardinal əlavə edib.
Onun sözlərinə görə, mədəniyyətlərarası dialoqu inkişaf etdirmək istəyən Azərbaycan da Qarabağda yaşayan erməni azlığının hüquqlarını və təhlükəsizliyini təmin edəcək.
“Azlıqlara hörmət insanın əsas vəzifəsidir. Hər kəs bunun üçün səy göstərməlidir, çünki bu, sivilizasiyanın və sülhün əsasını təşkil edir”, – kardinal vurğulayıb.
Parolin Azərbaycanın mədəniyyət naziri ilə görüşdə, həmçinin bildirdi ki, tərəflər gələcək əməkdaşlıq üçün bir sıra vacib istiqamətləri müəyyənləşdiriblər.
Söhbət əsnasında, həmçinin ötən il Azərbaycanla Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edildiyi vurğulanıb.
“Hesab edirəm ki, ölkələrimiz arasında münasibətlər olduqca yaxşıdır və Azərbaycanın Vatikanda səfirinin təyin edilməsi buna sübutdur. Bu o deməkdir ki, ünsiyyət və əməkdaşlıq üçün daha çox səbəb və bəhanə var. Düşünürəm bu, müsbət tendensiyadır və əminəm ki, biz həmişə olduğu kimi eyni ruhda, ümumi dəyərlərin təbliği istiqamətində işləməyə davam edəcəyik”, – kardinal əlavə edib.
Onun sözlərinə görə, mədəniyyətlərarası dialoq Azərbaycanın səciyyəvi xüsusiyyətlərindən biridir, çünki bu ölkə müxtəlif dinlərin və mədəniyyətlərin tək ölkə daxilində deyil, həm də xaricdə dinc yaşaması üçün rahat mühitin yaradılmasına çalışır.
Görüşün sonunda Müqəddəs Taxt-Tacın dövlət katibi Azərbaycan ilə gələcək səmərəli əməkdaşlığa ümid etdiyini söyləyib.
“Fərqli düşünməyimizə baxmayaraq, həmişə bizi birləşdirən ümumi dəyərlərimiz olacaq” deyə Pietro Parolin əlavə edib.