Azadsöz.az xəbər verir ki, yeni qaydalara əsasən, Dənizkənarı Milli Park ərazisində maksimal sürəti 17 km/saat olmaqla skuterlərin hərəkətinə icazə verilib.
Bu barədə Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva məlumat verib.
O bildirib ki, insanların asudə vaxtlarını bulvar ərazisində rahat, səmərəli keçirməsini təmin etmək məqsədilə skuterlərin hərəkəti üçün yeni konsepsiya hazırlanıb.
“Vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq.
Bu nəqliyyat vasitəsini sürən şəxslərdən qaydalara riayət etmələri, onu icarəyə verən operatorlardan proqram təminatlarında məhdudiyyətlərlə bağlı bu yenilikləri skuterlərə tətbiq etmələri, proqram təminatı olmayan operatorlardan isə proqram təminatını yaradıb, qaydalara əməl etmələri xahiş olunur. Əks təqdirdə müvafiq tədbirlər görüləcək”, – Ə.Mehdiyeva deyib.