Azadsöz.az xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Möhtərəm İlham Heydər oğlu!
Əziz qardaşım!
Sizi və qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Özbəkistan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizin uzaqgörən daxili və xarici siyasətiniz, iqtisadi və sosial sahələrdə həyata keçirdiyiniz sürətli islahatlar bu gün layiqli nəticələrini verməkdədir, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi və nüfuzu durmadan artmaqdadır. Bu xüsusda regionda sülhün və davamlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirdiyiniz ədalətli və qətiyyətli səylərinizi tamamilə dəstəklədiyimizi bir daha qeyd etmək istərdim. Xüsusilə son illər ərzində Sizinlə aramızda yaranan və qardaş xalqlarımızın ümumi arzularının ifadəsi olan sıx qardaşlıq əlaqələri, açıq və məhsuldar dialoqlarımız, ali və yüksək səviyyələrdə səfərlərin mübadiləsi nəticəsində strateji tərəfdaşlığımız tamamilə yeni səviyyəyə yüksəlmişdir.
Hörmətli İlham Heydər oğlu!
Əminəm ki, yaxın gələcəkdə Azərbaycana səfərimiz çoxşaxəli və uzunmüddətli əlaqələrimizdə yeni tarixi dövrün başlanğıcı olacaq, əməkdaşlığımızı arzuladığımız və mövcud imkanlarımıza uyğun şəkildə daha yüksək səviyyəyə çatdıracaq.
Fürsətdən istifadə edərək, ölkənizin həyatında bu unudulmaz və sevincli gündə Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və Vətəninizin inkişafı naminə həyata keçirdiyiniz misilsiz fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq, davamlı inkişaf və firavanlıq arzulayıram”.
***
Azadsöz.az xəbər verir ki, Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Zati-aliləri, əziz qardaşım!
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha çox tərəqqi və firavanlıq arzulayıram.
Dost xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrini gücləndirmək və inkişaf etdirmək üçün səylərimizi davam etdirməkdə maraqlı olduğumuzu Zati-alinizə bir daha ifadə edirəm.
Zati-aliləri, əziz qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Azadsöz.az xəbər verir ki, İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan, İraq Respublikasının hökuməti və xalqı adından Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Fürsətdən istifadə edib dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin dərinliyini ifadə edərək, Azərbaycan hökumətinə və xalqına firavanlıq və tərəqqi diləyirəm”.
***
Azadsöz.az xəbər verir ki, İndoneziya Prezidenti Coko Vidodo Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Zati-aliləri!
Mayın 28-də qeyd olunan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını İndoneziya Respublikası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Ümidvaram ki, xalqlarımız arasındakı mövcud dostluq əlaqələri daim inkişaf edərək müvafiq regionlarımızda sülhün və firavanlığın təşviqinə töhfə verəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Azadsöz.az xəbər verir ki,Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Zati-aliləri!
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Mən çətinliklərin yaşandığı indiki dövrdə ölkələrimiz arasında mehriban dostluğun və güclü tərəfdaşlığın davam edəcəyinə ümidvar olduğumu bildirmək istərdim”.