30 Aprel 2024 22:01

Fərqliliyimiz Uğurumuzdur

Kənd təsərrüfatı naziri Göyçayda təlim iştirakçıları ilə görüşüb-FOTOLAR

Xəbər  verdiyimiz  kimi, 12 may 2023-cü il  tarixdə  Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov  Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Göyçay, Ağdaş və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxmışdır.


Azadsöz.az xəbər verir ki, nazir  rayonda  keçirdiyi  qəbul günü  Göyçay rayonunda təlim iştirakçıları ilə görüşüb və onlara sertifikat və vəsiqələrin təqdim olunması mərasimində iştirak edib. Nazir təlim zamanı iştirakçıların praktiki bilikləri mənimsəmə səviyyəsi ilə maraqlanıb, müasir aqrar təyinatlı dronları idarə edəcək mütəxəssislərin hazırlanması istiqamətində görülən işləri müsbət qiymətləndirib.

Daha sonra təlim iştirakçılarına müvafiq sertifikat və vəsiqələr təqdim olunub.

Qeyd  edək  ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin mütəxəssisləri üçün aqrar təyinatlı pilotsuz uçuş aparatlarının idarə edilməsi üzrə təlimlər davam edir. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimlərdə Türkiyədən dəvət olunmuş mütəxəssislər iştirakçılara pilotsuz uçuş aparatlarının xüsusiyyətləri, istifadə qaydaları, texniki göstəriciləri haqqında nəzəri biliklər öyrədirlər.

Artıq Göyçay, İsmayıllı, Ağsu, Ağdaş, Kürdəmir və Ucar Dövlət Aqrar İnkişaf Mərkəzlərinin mütəxəssisləri üçün təlim proqramı başa çatıb. İştirakçılar təlim zamanı pilotsuz uçuş aparatlarından istifadəyə dair praktiki vərdişlərə yiyələniblər. Təlimlərə bu günə kimi 62 iştirakçı qatılıb.

İştirakçılar Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu və Qobustan Heyvandarlıq Nümayiş Kompleksində multispektral dronlar vasitəsilə avtopilot rejimində çəkilişlərin aparılması, sahədəki torpağın münbitliyinin ölçülməsi, zərərvericilərin aşkar edilməsi, bununla yanaşı bitki örtüyü indeksinin müəyyən edilməsi istiqamətləri, eyni zamanda çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə uçuş təcrübələri həyata keçiriblər.

Təlimi başa vuran iştirakçılara Türkiyə Respublikasının Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənmiş sertifikat və dronların idarəedilməsi üzrə sürücülük vəsiqəsi təqdim edilir.

Xatırladaq  ki, təlimlər davam edir.

 

 

PAGE TOP