Azadsöz.az xəbər verir ki, 11 may 2023-cü il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Çayarxı kəndində növbəti səyyar qəbul keçirdi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri çıxış edərək Çayarxı kəndinin eləcə də rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, görülən və həmçinin görüləcək işlərdən danışıb. Ölkə başçısının tapşırıqlarına əsasən əhali ilə mütamadi olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərə daha yaxın olmaq, onları narahat edən məsələləri öyrənmək və həlli istiqamətində işləri həyata keçirmək lazım olduğunu vurğulayıb.
Daha sonra Qarabaqqal kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamil Qasımov kənd haqqında icra başçısına, görüş iştirakçılarına ətraflı məlumat verib.
Görüşdə kənd sakinləri kənd yoluna asfalt örtüyünün döşənməsi, Çayarxı kənd ümumi orta məktəbin əsaslı təmiri, baxçanının qazla təmin olunması , kəndin arxına atılan şüşə, plastik butulkalar, polietilen torbaların qarşısının alınması və digər məsələlərlə bağlı rəy və təkliflərini veriblər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.