Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov “Azadsöz.az”a bildirib ki, 1958-ci ildə istismara verilən Yuxarı Şirvan Kanalı respublikanın ikinci ən böyük magistral suvarma kanalıdır. 1961-ci ildə kanalın ikinci hissəsi istismara verilib. Uzunluğu 122 km olan kanalın maksimum su sərfi 78 m3/saniyədir. Mənbəyini Mingəçevir su anbarından götürən kanal Kür çayının sol sahilindən keçməklə 150 min hektar əkin sahəsinin suvarılmasını təmin edir. Kanalın istismara verilməsi Şirvan düzündə öz axını ilə suvarılan sahələrin su ilə təmin olunmasına şərait yaradır. Kanaldan su ilə təmin olunan Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və Şamaxı rayonlarının 150 min hektar torpaq sahələri suvarma suyu ilə təmin edilir. Kanalın istismarını həyata keçirən Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi tərəfindən hər il olduğu kimi bu il də təmir-bərpa işləri aparılır. hazırda görülən işlər sel sularının ötürülməsinə xidmət edir.
Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi tərəfindən bu ilin əvvəlindən etibarən torpaq məcrada 25 min m3 lildən təmizləmə işləri, çay məcralarında isə 30 min m3-ə yaxın tənzimləmə işləri aparılıb. İdarənin balansında olan 52 ədəd selötrücü və 36 ədəd suburaxıcının giriş və çıxış hissələrində əl ilə lildən təmizləmə işləri yerinə yetirilib. Hərəkəti boyu səkkiz çay üzərindən keçən kanalın hazırda Türyançayla kəsişməsində növbəti işlər həyata keçirilir. Belə ki, idarənin texnikaları vasitəsilə kanalın Ağdaş rayonu ərazisindən keçən hissəsində, torpaq bəndlərdə mühafizə tədbirləri aparılır.
Qeyd edək ki, Yuxarı Şirvan Kanalının üzərində Əliciançay, Türyançay, Göyçay, Girdimançay, Ağsuçay, Dəvəbətançay və Nəzriçayla kəsişdiyi yerlərdə mürəkkəb konsturuksiyalı 6 ədəd dükerlər və 2 ədəd akveduk tikilib. Ümumiyyətlə kanal üzərində sadə və mürəkkəb konusturuksiyalı 129 ədəd qurğu tikilib. Bunlardan 1 ədəd baş qurğu, 6 ədəd düker, 2 ədəd akveduk, 29 ədəd körpülər, 52 ədəd selötürücülər, 1 ədəd cəldaxıdan, 1 ədəd su tullayıcı, 1 ədəd səviyyə qaldıran, 36 ədəd suburaxıcı qapı və 1 ədəd qidalandırıcı kanalın normal iş rejmini təmin edirlər. Hazırda kanala 62 m3/san su götürülür və limit əsasında rayonların Suvarma Sistemləri İdarələrinə çatdırılır.