Azadsöz.az xəbər verir ki, Elektrik, qaz və suya qanunsuz qoşulmaya dair cinayət məsuliyyəti müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etmədən (eləcə də tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan) tikilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı sistemlərinə (bu qanunla qazpaylayıcı şəbəkəyə) qoşulması qadağan edilir.
Həmin tələblərin pozulmasına görə Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.
Layihəyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.