Azadsöz.az xəbər verir ki, 1 noyabrda Göyçay Heydər Əliyev Mərkəzində Göyçay Rayon İcra Hakimiyyətinin və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Təki Vətən Yaşasın!” adlı tədbir keçirilib.
Tədbirdə başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova, RİH başçısı aparatının məsul şəxsləri, Azərbaycan Respublikanın Əməkdar artisti , “Qızıl qılınc” mükafatı laureatı Ağalar Bayramov, idarə müəssisə və təşkilatların rəhbərləri, təhsil işçiləri, tələbələr, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, qazilər, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərimiz haqqında hazırlanmış videoçarx təqdim olunub.
Mərasimi giriş sözü ilə açan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışında qeyd edib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yönündə bu kimi görüşlərin bölgələrdə təşkil olunmasının əsas səbəbi regionlarda yaşayan şəhid ailələrinə mənəvi dəstək və diqqətin göstərilməsidir.
Tədbir iştirakçılarını salamlayan başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova bildirdi ki, 2020-ci ilin 27 sentyabrda başlayan Vətən müharibəsi torpaqlarımız uğrunda gedən mənəvi haqq savaşımız oldu.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətəni döyünən ürəyi, üçrəngli bayrağımızı qürurumuz, and yerimiz bilən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid oğullarımız bu haqq savaşında Qələbə qazanmaq üçün döyüş meydanına atıldılar. Azərbaycan xalqının 30 illik Vətən, yurd, torpaq həsrətinə son qoyaraq qalib ölkənin vətəndaşı olmaq sevincini yaşatdılar.
Daha sonra Azərbaycan Respublikanın Əməkdar artisti , “Qızıl qılınc” mükafatı laureatı Ağalar Bayramov, Vətən müharibəsi qazisi baş leytenant Rövşən Maqsudov, şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Xəlilova , şəhid Orxan Kərimlinin atası Akif Kərimli, Vətən müharibəsi qazisi Asif Məmmədov və Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu diqqətə çatdırıblar.Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin daima qəlblərdə yaşayacağını, gələcək nəsillərin onları daima hörmət və ehtiramla, qürur mənbəyi olaraq yad edəcəklərini vurğulayıblar.
Sonra Tədbir Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin solisti, əməkdar artisti Tural Ağasiyevin və vokalist Atəş Qarayevin ifasında zəfər ruhlu ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.