“Pensiyaya çıxan və sosial müavinətə müraciət edən zaman heç bir sənəd təqdim etməyə ehtiyac olmayacaq”.
Azadsöz.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
O xatırladıb ki, “Əmək pensiyaları”, “Sosial müvaniətlər” və “Sosial xidmət” haqqında qanunlara Milli Məclisin plenar iclasında birinci oxunuşda dəyişikliklər qəbul olunub:
“Plenar iclasda təqdim etdiyim qanun layihələrində nəzərdə tutulan dəyişikliklərə əsasən, vətəndaşlarımız pensiyaya çıxan və ya müavinət almaq istəyən zaman o heç bir sənəd təqdim etməyəcək. Lazım olan bütün sənədlər və məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə məsul dövlət qurumunun özü tərəfindən əldə ediləcək. Əgər hər hansı sənəd elektronlaşdırılmayıbsa, o zaman vətəndaşın razılığı ilə dövlət qurumu özü digər quruma sorğu göndərib onu əldə edəcək.
Məsələn, əgər vətəndaşın pensiya yaşı tamam olubsa və o pensiyaya müraciət edibsə, o zaman həmin şəxsdən heç bir sənəd tələb edilməyəcək. Hətta hansısa sənəd, məsələn, arxiv ilə bağlı hər hansı məlumat elektronlaşmayıbsa, o zaman Dövlət Sosial Müdafiə Fondu sorğu göndərib həmin informasiyanı əldə edəcək”.
Deputat qeyd edib ki, dəyişikliklər şəffaflığın gücləndirilməsi və hesabatlılığın artırılması baxımından əhəmiyyətlidir: “Praktik olaraq, son dəyişikliklər ilə əksər xidmətlərə müraciət elektronlaşır və məmur-vətəndaş birbaşa ünsiyyəti minimumlaşdırır. Nəticədə, xidmətlərə müraciətlər üzrə elektron model daha da güclənir”.