Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Rüfət Bəhram oğlu Mayılovun ikinci ildönümü Göyçayın Kürdəmiş kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi F.Əliyev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, şəhid ailələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək bildirib ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq.Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Hər bir Azərbaycan vətəndaşının vətəninin qəhrəmanlarını tanımalı olduğunu və onların keçdiyi həyat yolundan çox şeyləri öyrənmələrini diqqətə çatdırıb. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim mənəvi borcumuz olduğunu vurğulayıb.
Çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi F.Əliyev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov və digərlərinin çıxışlarında şəhid Rüfət Mayılovun qısa və şərəfli həyat yolundan bəhs olunub, xatirələr dilə gətirilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışılıb.
Tədbir çərçivəsində mərasim iştirakçıları Kürdəmiş kənd qəbirstanlığında uyuyan Birinci Qarabağ şəhidinin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
Sonra şəhidimizin təhsil aldığı Kürdəmiş kənd tam orta məktəbində adına adlandırılan sinfinə keçərək məktəblilərlə görüşülüb, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Daha sonra Kürdəmiş kəndinin giriş hissəsinə Rüfət Mayılovun adı verilib.Şəhidimizin adını bildirən lövhə həmin küçəyə vurulub.
Mərasimin sonunda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Rüfət Bəhram oğlu Mayılov 2001-ci il yanvarın 31-də Göyçay rayonunun Kürdəmiş kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edərək Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılmışdır. O, 30 sentyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Göyçay rayonunun Kürdəmiş kəndində dəfn olunub.
Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.