Azadsöz.az xəbər verir ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının doqquzuncu gününün yekunlarına görə Türkiyə medal sıralamasında liderliyini davam etdirir.
Avqustun 18-dək davam edəcək Oyunlarda Türkiyə idmançıları 60 qızıl, 59 gümüş və 50 bürünc medal qazanıblar. İlk üçlükdə İran (27-23-23) və Özbəkistan (20-17-26) qərarlaşıb.
Azərbaycan 13 qızıl, 14 gümüş və 15 bürünc medalla dördüncü pilləyə yüksəlib.
Qazaxıstan (13-9-21) beşinci, İndoneziya (12-7-9) altıncı, Mərakeş (9-6-20) yeddinci, Bəhreyn (9-6-3) səkkizinci, Qırğızıstan (6-5-4) doqquzuncu və Əlcəzair (4-5-6) isə onuncu pillədə yer alıblar.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb.
V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.