Azadsöz.az xəbər verir ki, içməli sudan qanunsuz istifadə hallarının qarşısının alınması məqsədilə Göyçay rayon İcra Hakimiyyətinin, Göyçay RİH İctimai Nəzarət Komissiyasının və «Göyçay Su-Kanal» Törəmə Səhmdar Cəmiyyətinin əməkdaşlarının araşdırmaları nəticəsində İkinci Ərəbcəbirli kəndində, rayonun mərkəzi küçələrində içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
Yoxlamalar zamanı su xətlərinə müxtəlif ölçülü borularla qanunsuz qoşulan 200 fərdi yaşayış evlərinə, bununla yanaşı 50 yaxın iaşə obyekt sahibkarlarına qarşı tədbirlər görülərək bəzilərinə xəbərdarlıq, digərlərinə isə qanunvericiliyə uyğun olaraq cərimə tətbiq olunub.
Qeyd edək ki, rayonun mərkəzi küçələrində, kəndlərində içməli sudan qanunsuz istifadə edən vətəndaşlara qarşı tədbirlər mütəmadi olaraq davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.