Azadsöz.az xəbər verir ki, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan xalqının 30 illik Qarabağ niskilinə son qoyuldu. İşğaldan azad olunmuş torpaqlarda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri dövlətimizin birliyini, əzmkarlığını dünyaya bir daha sübut etdi.
Vətən müharibəsində qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə yüksələn Polkovnik-Leytenant Vidadi Xəlilovun ən böyük arzusu müharibə başa çatandan sonra ailəsi ilə birgə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya gedib, orada qurban kəsmək idi.Amma, Tanrı ona ən ali zirvə olan Şəhidlik zirvəsini nəsib etdi.
Şəhidimizin niyyətində olduğu bu arzusunu həyata keçirən ailəsi Şuşaya səfər edərək qurbanını kəsdi.
Səfər çərçivəsində Qubadlı fatehi polkovnik-leytenant Vidadi Xəlilovun ailəsi İsa bulağını, Molla Pənah Vaqifin türbəsini ziyarət edib, hərbçilərlə və müğənni Xuraman Şuşalı ilə görüşərək həmsöhbət olublar.
Xatırladaq ki, şəhid Vidadi Xəlilov 16 iyul 1982-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyaya daxil olmuş, 2003-cü ildən zabit kimi N saylı hərbi hissədə xidmətini davam etdirmişdir. 30 oktyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad, olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.