Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub.
Dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk Sənaye Parkıdır. Cənubi Qafqazın ən böyük Sənaye Parkının ərazisində neft-kimya, kimya, tikinti materiallarının istehsalı və digər prioritet sənaye sahələri üzrə müəssisələr fəaliyyət göstərir, həmçinin yeni istehsal və emal müəssisələri yaradılır.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Sumqayıt Kimya Sənaye Parkında görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Sənaye Parkında ümumi investisiyaların həcmi 3,27 milyard ABŞ dollarından artıq olan 31 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək Sənaye Parkına rezidentlər tərəfindən 3,1 milyard ABŞ dollarına yaxın sərmayə yatırılıb. Qeydiyyata alınmış 31 rezidentdən 17-si artıq fəaliyyət göstərir. Bu gün istifadəyə veriləcək “Glassica” Qapalı Səhmdar Cəmiyyəti və “Azərsulfat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 19-a çatacaq.
Parkın rezidentləri tərəfindən ümumilikdə 5,86 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 2,15 milyard manatdan çox hissəsi (36,7 faiz) ixracın payına düşür.
Diqqətə çatdırıldı ki, Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən 2021-ci ilin birinci yarısında Sənaye Parkında 794 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin müvafiq dövründə 52,14 faizdən çox – 1,2 milyard manatlıq məhsul istehsal olunub. İxrac isə ötən ilin birinci yarısı (267,5 milyon manat) ilə müqayisədə 1,9 dəfə artaraq bu ilin altı ayında 508 milyon manat təşkil edib.
Məlumat verildi ki, Sənaye Parkında istehsal olunan məhsullar Türkiyə, Yaponiya, ABŞ, Kanada, İtaliya, Çin, Rusiya, Ukrayna, Belarus, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Niderland, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq və sair ölkələrə ixrac olunur.
Əsas göstəricilərdən biri də odur ki, Sumqayıt Kimya Sənaye Parkında 6 mindən çox insan daimi işlə təmin edilib.
Prezident İlham Əliyev əvvəlcə “Glassica” Qapalı Səhmdar Cəmiyyətinin şüşə tara məhsullarının istehsalı müəssisəsi ilə tanış oldu.
Qapalı Səhmdar Cəmiyyətinin təsisçisi İbrahim Həsənov müəssisə barədə məlumat verdi.
Bildirildi ki, təməli 2021-ci il yanvarın 18-də dövlətimizin başçısı tərəfindən qoyulan, ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan müəssisədə il ərzində 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal olunacaq. Müəssisədə istehsal edilən məhsullar daxili tələbatı tam ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq. Sənaye Parkının 2,6 hektar ərazisində inşa edilmiş müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 ildən çox təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən həyata keçirilib.
Dövlətimizin başçısı müəssisəni işə saldı.
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Az-Tex-Import” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Sənaye Parkının 4 hektar ərazisində yaradılan MMC İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillər istehsal edəcək. İnvestisiya dəyəri 19,2 milyon manat olan müəssisədə 90 nəfər daimi işlə təmin olunacaq. İl ərzində 100 ədəd avtomobilin istehsal olunacağı müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Türkmənistan və İrana ixrac ediləcək.
“Az-Tex-Import” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Samir İbadullayev layihə barədə Prezident İlham Əliyevə məlumat verdi.
Qeyd edildi ki, hazırda ölkəmizdəki sənaye zonalarında avtomobil istehsalı sahəsində bir sıra müəssisələr mövcuddur. Belə ki, Hacıqabul Sənaye Məhəlləsində illik istehsal gücü 1500 ədəd “QAZ” və “İSUZU” markalı yük maşını və avtobus, 5000 ədəd “Chevrolet” markalı minik avtomobili olan müəssisə, Neftçala Sənaye Məhəlləsində illik istehsal gücü 10 min ədəd “Khazar” və “Peugeot” markalı minik avtomobillərinin istehsalı zavodu fəaliyyət göstərir. Növbəti mərhələdə Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “İVECO Daily” yük avtomobillərin istehsalı layihəsi, o cümlədən kənd təsərrüfatı texnikaları və maşınlarının istehsalı üzrə İran-Azərbaycan birgə layihəsinin həyata keçirilməsi planlaşdırılır.
Bildirildi ki, sənaye zonalarında avtomobillər üçün texniki xidmət mərkəzlərinin yaradılması üzrə işlər də aparılır. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında müxtəlif markalı nəqliyyat vasitələri və texnikalara texniki xidmət, həmçinin ehtiyat hissələrinin bərpası və istehsalı layihələrinin reallaşdırılması nəzərdə tutulur. Həmçinin sənaye zonalarında nəqliyyat vasitələrinin bir çox ehtiyat hissələrinin hazırlanması da həyata keçirilir ki, bu, yerli istehsalın genişlənməsinə əlavə imkanlar yaradır.
Prezident İlham Əliyev yük və xüsusi təyinatlı avtomobillərin istehsalı müəssisəsinin təməlini qoydu.
Sonra dövlətimizin başçısı “Azərsulfat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni inşa edilmiş sulfat turşusu istehsalı müəssisəsində yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, 2021-ci il yanvarın 18-də dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan sulfat turşusu istehsalı müəssisəsi Sənaye Parkının 1,5 hektar ərazisində inşa edilib. Müəssisədə mineral gübrələrin (superfosfat, amonium-sulfat) istehsalında, kimya sənayesi və metallurgiyada, neft sənayesində təmizləyici maddə kimi istifadə olunan sulfat turşusu məhsulunun istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 20 min tondur. Onun 10 min tonunu daxili bazar, 10 min tonunu isə ixrac üçün planlaşdırılır. Artıq Gürcüstandan “Rustavi azot” müəssisəsi ilə müqavilə bağlanılıb. Qazaxıstandan və Rusiyadan da sulfat turşusu üçün müraciətlər daxil olur. Daxili bazarda da tələbat artmaqdadır.
Qeyd edildi ki, ümumi investisiya həcmi 10 milyon manatdan çox olan müəssisənin məhsulları ilkin mərhələdə daxili tələbatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələlərdə isə Gürcüstana və Rusiyaya ixrac olunacaq.
Prezident İlham Əliyev: İşçilərin sayı nə qədərdir?
MMC-nin rəhbəri: 34 nəfər, hamısı Sumqayıt sakinləridir. Onlardan dörd nəfər Vətən müharibəsi iştirakçısıdır, bir nəfər qazimiz var. Hamısı işlə təmin olunub.
Prezident İlham Əliyev: Çox yaxşı.
Azərbaycan Prezidenti İlham Əliyev müəssisəni işə saldı.
Daha sonra “Azərbaycan Vanhong Ceramics Co” Məhdud Məsuliyyətli Cəmiyyətinin keramik plitələr istehsalı müəssisəsinin təməli qoyuldu.
Müəssisənin təsisçisi Fan Jian Shan Prezident İlham Əliyevə layihə barədə məlumat verdi.
Bildirildi ki, layihəyə əsasən Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərbaycan Vanhong Ceramics Co” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sənaye Parkının 22,8 hektar ərazisində keramik plitələr istehsalı müəssisəsi inşa olunacaq. Müəssisədə Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələr istehsal ediləcək. Müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, region və MDB ölkələrinə ixrac olunacaq.
Məlumat verildi ki, 100 faiz Çin kapitallı layihənin investisiya dəyəri 70 milyon manata yaxındır. İllik istehsal gücü 18,5 milyon kvadratmetr keramik plitə olan müəssisədə 400 nəfər daimi işlə təmin olunacaq.
Müəssisənin təsisçisi Fan Jian Shan dedi: Bizim şirkət 1992-ci ildə yaradılıb və hazırda Çində 5 zavodumuz və dünyanın 5 ölkəsində zavodlarımız fəaliyyət göstərir. Müəssisələrimizin ümumi investisiya dəyəri 300 milyon ABŞ dollarıdır. Zavodlarımızda çalışan işçilərin sayı 4 min nəfər təşkil edir. Zavodlarımızın illik ümumi istehsal gücü 80 milyon kvadratmetrdir və ümumi illik gəliri isə 400 milyon ABŞ dollarıdır.
Prezident İlham Əliyev: Çox yaxşı. Mən gördüm ki, siz Çindən kənarda cəmi 4 ölkədə müəssisə qurmusunuz. Azərbaycan beşinci ölkədir. Dediyiniz kimi bu onu göstərir ki, Azərbaycanda investisiya iqlimi çox yaxşıdır. Burada 400 nəfər işləyəcək, yaxşı maaş alacaq. İnvestisiyaların həcmi də kifayət qədər böyükdür – 70 milyon manata yaxındır. Amma bu, hələ birinci mərhələdir. Əminəm ki, siz fəaliyyətinizi bundan sonra digər sahələrdə də genişləndirəcəksiniz.
Dövlətimizin başçısı müəssisənin təməlini qoydu.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri olan “4MAPS Bilgi Teknolojileri” Məhdud Məsuliyyətli Cəmiyyəti Sənaye Parkının 1,5 hektar ərazisində “Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək. Layihə çərçivəsində cəmiyyət tərəfindən Sənaye Parkında müxtəlif xidmətlər təklif edəcək 7 mərtəbəli biznes mərkəzi inşa olunacaq. Mərkəz müasir ağıllı sensorla təchiz olunmuş yüksək dəqiqliyə malik texnologiya ilə təchiz ediləcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 daimi iş yerinin yaradılması nəzərdə tutulur.
“4MAPS Bilgi Teknolojileri” MMC-nin təsisçisi Abdullah Demirtaş Prezident İlham Əliyevə layihə barədə məlumat verdi.
Bildirildi ki, “4MAPS Bilgi Teknolojileri” MMC “Apple Maps” “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir. Şirkətin əsas fəaliyyət sahəsi coğrafi (xəritə) məlumatların toplanması, formalaşdırılması, 3D və 4D xəritələrin istehsalı xidmətləri olsa da, yeni inşa ediləcək mərkəzdə proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması xidmətlərinin də göstərilməsi planlaşdırılır. Layihənin reallaşdırılması ilə Şərqi Avropa, Gürcüstan, MDB, Orta Asiya ölkələri üçün xəritələrin formalaşdırılması mərkəzi (prosessinq mərkəzi) Azərbaycanda fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev: Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasında bir çox sahələrdə müxtəlif layihələr həyata keçirildi. Xüsusilə indi biz Qarabağda bütün bərpa işlərini bərabər görürük. Amma bu sahədə hələ ki işlər olmamışdır. Bu, birinci layihədir.
Abdullah Demirtaş: Üç xəritədə də erməni adları azərbaycancaya təmənnasız dəyişdirildi. Allahın izni ilə, bir həftə içərisində yenidən Qarabağa gedəcəyik, bu dəfə “Google” ilə “mübarizə aparmağa”. Çünki biz “Google”un tərəfdaşı deyilik. Amma “Google” üçün buradan cihazlarımızı göndərəcək, koordinatlarımızı ötürəcək və bildirəcəyik ki, artıq Azərbaycan buraya sahibdir…
Prezident İlham Əliyev: Bəli, küçələrin, kəndlərin, şəhərlərin adları.
Abdullah Demirtaş: Hamısını dəyişdirdik. “Apple”da, “Here”də, “Yandex”də hamısını dəyişdirmişik. Avtomobilinizə də bu yaxınlarda “Here”in yenilənmiş xəritəsi gəldiyi zaman, növbəti dəfə Qarabağa səfər edəndə, inşallah, Azərbaycan dilində adları görmüş olacaqsınız.
Prezident İlham Əliyev mərkəzin təməlini qoydu.
Xüsusi qeyd olunmalıdır ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənayenin, xüsusilə qeyri-neft sənayesinin sürətli inkişafıdır. Dövlətimizin başçısının “Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir” prinsipinə əsaslanmaqla digər istiqamətlərlə yanaşı, qeyri-neft sənayesinin inkişafına da xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə olunması, innovativ metodlarla sənaye istehsalının genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli məhsul istehsalı, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli və nəticəyönümlü tədbirlər həyata keçirilir. Bu baxımdan, hazırki dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin tətbiqi – sənaye zonalarının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətədavamlı məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir.
Sənaye zonalarında idarəetmənin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Agentlik 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 4 sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayır və həyata keçirilməsini təmin edir.
Qeyd edilməlidir ki, sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya və biznes mühiti yaradılıb. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına tam infrastruktur sistemi ilə təmin edilirlər. Rezidentlər qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
Sənaye zonaları üzrə indiyədək 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i istehsal fəaliyyətinə başlayıb. Sahibkarlar tərəfindən indiyədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 min 100-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 450 milyon manatdan çox investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulur.
Ötən müddətdə sənaye zonalarında ümumilikdə 7,17 milyard manatlıqdan çox məhsul istehsal edilib və bunun 2,3 milyard manatlıq hissəsi (təqribən 32,7 faizi) ixrac olunub.
11:00
Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıtda olub.
Dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.
Sonra Prezident İlham Əliyev Sumqayıt şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Şəhidlər xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.