Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə yüksələn Polkovnik-Leytenant Vidadi Xəlilovun ad günü Göyçayda Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin sədri Eldəniz Rüstəmov, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, dindarlar, şəhid ailələri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev şəhidin ailəsinə baş sağlığı verib, Bildirdi ki, Azərbaycan ordusu Vətən müharibəsində qarşıya qoyulmuş vəzifənin öhdəsindən məharətlə gələrək Azərbaycan xalqının 30 illik Qarabağ niskilinə son qoydu. Diqqətə çatdırıb ki, Şəhid Polkovnik-Leytenant Vidadi Xəlilov kimi şəhidlərimizin, qazilərimizin sayəsində azad olunmuş torpaqlarımızda bu günkü gündə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri bütün dünyaya dövlətimizin qüdrətini, xalqımızın əyilməz iradəsini sübut edir.
Daha sonra Şəhidimizin qızı Zəhra Xəlilzadə atasına həsr etdiyi “Qubadlı fatehi” adlı şeirini səsləndirib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin sədri Eldəniz Rüstəmov, Vidadi Xəlilovun müəllimi Mehriban Mütəllimova və şəhid valideynləri çıxış edərək şəhid Vidadi Xəlilovun qorxmazlığından, qısa və mənalı həyat yolundan söz açıb, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.
Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Tədbirin sonunda Şəhid Polkovnik-Leytenant Vidadi Xəlilovun həyatından bəhs edən videoçarx nümayiş olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər
Xatırladaq ki, Vidadi Xəlilov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, medalları ilə təltif olunub.